İmişli rayonunda “Şəkər Bayramı” qeyd edilib

İmişli rayonunda “Şəkər Bayramı” qeyd edilib

You are here

İmişli rayonunda “Şəkər Bayramı” qeyd edilib

Şəkər çuğunduru istehsalı ilə məşğul olan fermerləri stimullaşdırmaq, eləcə də cari ilin məhsul yığımının həyata keçirilməsi münasibətilə İmişli rayonu İcra Hakimiyyəti və “Azərsun Holdinq”in təşkilatçılığı ilə ənənəvi Şəkər Bayramı təşkil edilib. Tədbirdə rayon icra hakimiyyəti, "Azərsun Holdinq"in nümayəndələri, millət vəkilləri, rayon sakinləri və şəkər çuğunduru becərən fermerlər iştirak ediblər. İlk olaraq, İmişli rayonu İcra hakimiyyətinin rəhbəri Vilyam Hacıyev, "Azərsun Holdinq" nümayəndələri və millət vəkilləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam edib.

Sakinlər qarşısında çıxış edən İmişli rayonu İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkədə və xüsusi ilə regionlarda olan sosial-iqtisadi inkişafdan bəhs edib, İmişli rayonunda da aparılan quruculuq işlərindən ətraflı məlumat verib. İmişli Şəkər Zavodunun bu rayonun həyatında oynadığı müstəsna roldan danışıb, məhz "Azərsun Holdinq"ə məxsus bu şəkər zavodunun sayəsində İmişli rayonu özünü maliyyələşdirən rayona çevrildiyini xüsusi vurğulayıb.

Daha sonar çıxış edən "Azərsun Holdinq"in məhsul qrup direktoru Mehran Məmmədov hər kəsi salamlayaraq bayram münasibətilə təbrik edib. O, zavodun tikintisinə 2003-cü ildə məhz ulu öndər Heydər Əliyevin xeyir-duası və məsləhətləri ilə başlanıldığını və 2006-cı ildə prezident İlham Əliyev tərəfindən açıldığını bildirib. Natiq həmçinin bu müəssisənin MDB məkanında ən böyük olduğunu söyləyib və dünyanın aparıcı dövlətləri ilə rəqabətə davam gətirmək məqsədilə zavodun bütün texniki qurğularının yenidən qurulduğunu və ilk dəfə olaraq bu il aylıq məhsul istehsalının 10000 tona, əkin sahələrinin 14 000 hektara, şəkər çuğundurunun ortalama şəkərlilik dərəcəsinin isə 15.1 faizə çatdırıldığını qeyd etdi. O həmçinin Respublikamızın 40-a yaxın rayonunda 4000 nəfərdən artıq fermerin şəkər çuğundurunun becərdiyini və “Azərsun Holdinq”in bu və digər müəssislərində istehsal olunan məhsulların “Made in Azerbaijan” brendi adı altında digər ölkələrə də ixrac olunaraq Azərbaycanı layiqincə təmsil etdiyini söyləyib. 

Daha sonra ölkəmizin tanınmış incəsənət xadimləri İmişli sakinləri üçün geniş konsert proqramı ilə çıxış ediblər. Bayrama İmişli Şəkər Zavodunda təşkil edilmiş ziyafətlə yekun vurulub.

Əvvəlki xəbər Sonraki xəbər