"Sun Tea" Çay Fabriki

“Azersun Holdinq”in müəssisəsi olaraq 1996-ci ildə  fəaliyyətə başlayan “Sun Tea" Çay Fabriki MMC Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə istismara verilib.

İllik 15000  ton istehsal gücünə malik olan fabrikdə 180-200 işçi qüvvəsi çalışır. 
Müəssisə regionda ən müasir texnologiyaya sahib, yüksək istehsal gücü ilə fəaliyyətə başlayan çay  qablaşdırma fabriklərindən biridir.

Fabrikdə dəmir qutu, karton qutu, şəffaf poşet,  eləcə də   birdəfəlik qablaşdırmada  qara çay, yaşıl çay, meyvəli və bitkili çaylar geniş məhsul çeşidləri ilə istehsal edilməkdədir.

Müəssisənin tərkibində həmçinin Azərbaycanın subtropik ərazilərdən olan Lənkəran bölgəsində ilkin çay emalı fabriki,  Astara bölgəsində 15 hektar çay əkin sahələri, Masallının Kolatan kəndində 100 hektar ərazidə çay plantasiyası var. Bu müəssisələrdə mövsümə uyğun olaraq 60-100 nəfər işçi çalışır.
Fabrikdə “Azerçay”, “Maryam”, “Final”, “Berqa”, “Golden Pasha”, “Pürrəngi” adlı çay markaları  200-ə yaxın məhsul çeşidi ilə istehsal olunur.

Yüksək keyfiyyətli  çay markalarımızın çeşidləri  dünya bazarında çox böyük rəğbət qazanaraq Rusiya, Ukrayna, Belarus, Litva, Polşa, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, ABS, Avropa, Çin, İraq, Ərəbistan  kimi ölkələrin çay bazarında mövcuddur.

Ətirli və ləzzətli çayların istehsalçısı olan “Sun Tea" Çay Fabriki fəaliyyətə başladığı gündən bir çox beynəlxalq sertifikatlara  layiq görülüb. Keyfiyyət İdarəetmə  Sistemi üzrə TSE - İSO 9001, Ətraf Mühitin   İdarəetmə  Sistemi üzrə TSE -  İSO 14001, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik  İdarəetmə  Sistemi üzrə TSE -  İSO 45001, Qidanın Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə TSE - İSO 22000 sertifikatları bunun göstəricisidir.