Azərbaycan Şəkər İstehsalat Birliyi

İmişli Şəkər Zavodu 2006-cı ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  iştirakı ilə istismara verilib.
Azərbaycanın ilk şəkər fabrikinin inşaat işləri Azərbaycan Şəkər İstehsalat Birliyi  tərəfindən 2003-cü ildə, İmişli rayonunda 70 hektarlıq ərazidə başladılıb və 27 ay davam edib. Müəssisənin əsas istehsalat sahəsi isə 17.9 hektar təşkil edir.
 2008-ci ildən müəssisənin məhsuldarlığının artırılması üçün istehsalat avadanlıqlarının yenidənqurma işlərinə başlanılıb və 2010-cu ildən etibarən xam şəkər emalı üzrə gündəlik 1800 ton maksimal məhsuldarlığa nail olunub. Kəllə qənd məhsullarının istehsalının təşkili məqsədi ilə 2012-ci ildə Kəllə Qənd Fabriki istismara verilib. 2014-cü ildə isə “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən qənd istehsalı sexi İmişliyə köçürülüb. Şəkər çuğunduru emal gücünün artırılması məqsədi ilə aparılan rekonstruksiya işlərinin başlaması nəticəsində müəssisənin şəkər çuğunduru üzrə gündəlik emal gücü 10000 tona çatdırılıb.
Müəssisənin əsas markası “Azərşəkər” markasıdır. Şəkər tozu, kəllə qənd və qənd məhsulları “Azərşəkər” markası adı altında istehsal edilməkdədir. Bununla yanaşı, müəssisədə “Final”, “Evim” və “Richmond” markaları da istehsal olunur.
İmişli Şəkər Zavodunda Almaniya, Polşa, Türkiyə, Ukrayna, Avstriya və Rusiya istehsalı olan avadanlıqlar istifadə olunur.
İmişli Şəkər Zavodu Azərbaycan bazarında şəkər tələbatını tamamilə qarşılayır. Müəssisə, həm gündəlik istehlak, həm də sənaye tələbatını qarşılamaq üçün müxtəlif xüsusiyyətlərdə şəkər istehsal edir. Müəssisədə kola, meyvə şirəsi, kompot, qənnadı və şirniyyat məhsulları istehsalçılarının tələblərinə uyğun şəkər tozu istehsal edilir. İxracat bazarları arasında Qazaxıstan, Qırğızıstan, İraq, Türkmənistan, Gürcüstan və Tacikistan kimi ölkələr yer alır.
Kəllə Qənd Fabrikində gündəlik xalq tələbatı üçün kəllə qənd və presslənmiş qənd istehsal edilərək bazara təqdim edilir. Müəssisənin geniş profildə qablaşdırma çeşidlərinin olması məhsulların müxtəlif tələbat qruplarına təklif edilməsinə imkan yaradır.
Azərbaycan Şəkər İstehsalat Birliyi həm İmişli rayonu, həm də yaxın rayonların məşğulluğuna da öz töhfəsini verir. Regionda yüzlərlə vətəndaş xammal və hazır məhsulların nəqliyyatı sektorunda işlə məşğuldur. Şəkər çuğunduru əkilən sahələrdə minlərlə işçi və kənd təsərrüfatı texnikası işləyir. Müəssisədə təqribən 1000 nəfər daimi iş yeri ilə təmin olunub. Bundan əlavə çuğundur mövsümündə 200-300 nəfər işçi mövsümlük olaraq işə götürülür.