İmişli Şəkər Yem Fabriki
"Azərbaycan Şəkər İstehsalat Birliyi"nin nəzdində fəaliyyət göstərən "İmişli Şəkər Yem Fabriki" 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib. Ümumi sahəsi 5.5 hektar olan və illik istehsal gücü 300 000 ton olan müəssisənin 2016-cı ildə yeni istehsalat korpusu da fəaliyyətə başlayıb ki, bununla da həm yemlərin çeşid və növləri, həm də istehsal həcmi dəfələrlə artıb. Müəssisənin istehsalat korpusu tamamilə avtomatlaşdırılmış avadanlıqlar, nəzarət və ölçü cihazları ilə təmin olunub. Yem texnologiyasını yaxından izləyərək yüksək keyfiyyətdə yem istehsal etməklə bazarda artan tələbi qarşılamaq fabrikin əsas hədəflərindən biridir.
Azərbaycanın ən böyük istehsal gücünə malik olan fabrikin əsas məqsədi, yem texnologiyası və heyvan qidalanması sahəsindəki yenilikləri yaxından izləyən mütəxəssis heyəti ilə dünya standartlarına uyğun yemləri istehsal etməkdir.
Müəssisə qarğıdalı və arpa kimi məhsullara olan tələbatın artmasını nəzərə alaraq bu məhsulların əkin sahəsini genişləndirmək, bölgədə heyvandarlığın inkişafına töhfə vermək və istehsalçıların gəlirlərini artırmaq yönündə uğurlu işlər aparır.
Fabrikdə quşçuluq və heyvandarlıq kompleksləri üçün heyvan yemi istehsal olunur. Şəkər Yem Fabrikində broyler, kənd toyuqları, bildirçin, xüsusi cins toyuqlar, cücə və yumurta artırma, həmçinin heyvandarlıq sektorunun tələbatına uyğun olaraq ətlik, damazlıq və südçülük təsərrüfatlarının ehtiyacları üçün heyvanların böyümə fazalarına uyğunlaşdırılmış müxtəlif növ məhsul istehsalı həyata keçirilir.