“Azərsun Holdinq”də Anım Günü təşkil edilib.

27 sentyabr – Anım Günü Azərbaycanın hər yerində şəhidlərimizin əziz xatirəsinin dərin ehtiramla yad olunması üçün anım mərasimləri, tədbirlər keçirilib.  

Vətən müharibəsində qəhrəmanlıqlar nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi “Azərsun Holdinq”də də dərin hörmət və ehtiramla anılıb. Anım Günü, Şirkətlər Qrupunun AŞİB, “Green Tech” istixana kompleksi, Lənkəran Konserv Zavodu, Qafqaz Konserv zavodu, Satış baş direktorluğu, Xırdalan Logistika Departamenti və digər müəssisələrində qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Qeyd edək ki, “Azərsun Holdinq”in 600-dən çox əməkdaşı Vətən müharibəsində iştirak etmək üçün döyüşlərə yollanıb. Doqquz nəfər əməkdaşımız torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. 30 ilə yaxın düşmən tapdağı altında qalmış tarixi torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti və qətiyyəti, şanlı Azərbaycan Ordusunun peşəkarlığı və gücü sayəsində işğaldan azad olunub və 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatıb. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsinin başladığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi təsis edilib. Bu da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ən yüksək ehtiramın ifadəsidir.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

“Azərsun Holdinq”də Anım  Günü təşkil edilib.